Fövqəladə Hallar Nazirliyi Zabratda təndirxanadakı partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, iyunun 26-ı saat 16 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb. Nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Saat: 17:07
Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.
Lent.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.
Hazırda ərazidən partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür. İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.