Rusiyanın Sankt-Peterburq şəhər sakini kabus gördüyü üçün qızını öldürmək istəyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 11-nə keçən gecə şəhərin Krasnoselski rayonunda baş verib.
Gecə saat 1 radələrində bir kişi polisə zəng edərək həyat yoldaşının qızının boynuna bıçaqla xəsarət yetirdiyini bildirib.
Ailə yatmağa gedəndən sonra 37 yaşlı ana bıçaq götürərək uşaq otağına girib və orada yatmış doqquz yaşlı qızına hücum edib. Kişi vaxtında müdaxilə edərək arvadının qarşısını alıb və qızını xilas edib.
Qadın hadisə yerinə gələn polis və həkimlərə yuxuda kabus gördüyünü, naməlum şəxslərin onu və uşaqlarını hədələdiyini bildirib.
Həkimlər qıza yerindəcə tibbi yardım göstəriblər. Ana müayinə üçün psixiatriya xəstəxanasına aparılıb.
Qadına qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.