Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, təbiət hadisəsini Bakı Dövlət Universitetinin həyətində ali məktəbin rəhbərliyi, ictimaiyyət nümayəndələri və jurnalistlər də izləyib.
Günəş sisteminin ən böyük planeti olan Yupiter 2022-ci il sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.
Bildirilib ki, səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 19 yanvar 2023-cü ildə olacaq.
Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. 26 sentyabrda baş verən hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq.
Bakıda Yupiter 26 sentyabr tarixində saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olub. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.