Son zamanlar “Toyota Prius” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayı artmaqdadır. Məsələ ilə bağlı ekspertlər bildirirlər ki, hər 10 qəzanın 5-i qeyd edilən avtomobillərin iştirakı ilə baş verir.
Lent.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərlinin də məsələ ilə bağlı fikirlərini öyrənib.
Araz Əsgərli bildirib ki, “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə baş verən qəzalar barədə rəsmi statistika olmasa da, bu say digər qəzalarla müqayisədə daha çoxdur.
“Mən dəfələrlə bu məsələ barədə saytlara, televiziyalara və radio verilişlərinə danışmışam. Bu qəzaların ictimaiyyət arasında daha çox diqqət çəkməsinə səbəb həmin avtomobillərin taksi fəaliyyətlərində geniş istifadə edilməsidir. Hazırda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı da az deyil. Yalnız “Toyota Prius” deyil, eyni zamanda "Ravon", “Opel” və digər bu kimi avtomobil markalarının da yer aldığı qəzaların sayı daha çoxdur” – deyə o, əlavə edib.
A.Əsgərlinin sözlərinə görə, həmin nəqliyyat vasitələrinin qiymətinin digər avtomobil markalarından daha ucuz olması da buradakı əsas faktorlardan biridir.
Lətif İsmayılov