Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı -  FOTO   - YENİLƏNİB
04 oktyabr 2022 19:21 (UTC +04:00)

Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTO - YENİLƏNİB

Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 ve 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib.

İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülmüş və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

14:39

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3783
avatar

Oxşar yazılar