Zəlzələ bölgəsində 2984 ev, 22 məktəb təhvil verilib
07 yanvar 2013 20:21 (UTC +04:00)

Zəlzələ bölgəsində 2984 ev, 22 məktəb təhvil verilib

“Bu günə kimi zəlzələ bölgəsində 2984 ev tikilərək sakinlərə təhvil verilib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov verib.

 

 

 

Nazir qeyd edib ki, yeni mənzillərin təhvil verilməsi prosesi davam edir: “Özünüz də şahidi olursunuz ki, hər həftə yeni mənzillər yerli icra orqanlarının və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən sakinlərə təhvil verilir. Bu gün də yeni ilin ilk dərs günü olduğu üçün biz hazır olan məktəblərdən daha bir neçəsini şagirdlərin istifadəsinə verdik. Zəlzələ nəticəsində bölgədə qəzalı vəziyyətə düşən 37 məktəbdən 22-si artıq yenidən tikilərək istifadəyə verilib. Qalan məktəblərin tikinti-bərpa işləri də qısa zamanda tamamlanacaq və həmin məktəblər də istifadəyə veriləcək”.

K. Heydərov Gürcüstanda baş verən son zəlzələdən Balakən rayonunun bəzi yaşayış məntəqələrinin də ziyan çəkdiyini bildirib. Nazir vurğulayıb ki, bu yaşayış məntəqələrində qəzalı vəziyyətə düşən mənzillərin siyahıya alınması prosesi başa çatıb: “Sonuncu dəfə Gürcüstanda baş verən güclü zəlzələ nəticəsində Balakəndə də  bəzi evlər dağılıb, həmin evlərin siyahıya alınması prosesi demək olar ki, başa çatıb. Bu yaxınlarda həmin evlərin də tikintisinə başlanacaq. Həmin siyahıda 1500-ə yaxın ev var. Bu evlər may ayına kimi tikilib təhvil veriləcək. Ötən ilin mayında baş vermiş zəlzələ nəticəsində dağılmış evlərdən isə çox az  sayda təhvil verilməmiş ev qalıb. Həmin mənzillərin inşası başa çatıb, sadəcə son tamamlama işləri həyata keçirilir. Yaxın günlərdə həmin evlər də sahiblərinə təhvil veriləcək”.

 

Nazir zəlzələ bölgəsinə müvəqqəti sığınacaqların gətirilməsi prosesinin davam etdiyini bildirib: “Gürcüstanda baş verən sonuncu güclü zəlzələdən sonra sakinlərə bölgədə bərpa-gücləndirmə statusu alan evlərə girməmək tövsiyə olunur. Çünki həmin evlərdə hər hansı fəsad ola bilər. Həmin evlərin və tikintisi hələ də davam edən mənzillərin sakinlərini 10 ailəlik müvəqqəti sığınacaqlarda yerləşdiririk. Yerli əhaliyə hər şeyi anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əhali cənab prezidentimizin ayırdığı vəsaitin düzgün istifadə olunmasını, bölgədəki vəziyyəti başa düşür və aparılan işləri düzgün qiymətləndirirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar