Dünən Zaqatalanın Aşağı Tala kəndində baş vermiş silahlı insidentin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Balakəndə atəşə tutulan avtomobilin sahibi, 22 yaşlı Əliqayev Vüsal Xəlil oğlu neçə vaxtdır Moskvada yaşayırmış. Rusiyadan kəndə bibisi qızının toyuna gəlibmiş. Balakən rayonu, Qullar kənd icra nümayəndəsi Fəxrəddin Papaxov Lent.az-a bildirdiyinə görə, Əliqayevlər illər əvvəl Moskvaya köçüblər: “Daha kənddə yaşamırlar. Onlar kəndə qohumlarının toyunda iştirak etmək üçün gəliblər. Toy da sakit keçib. Heç bir münaqişə baş verməyib”.
İcra nümayəndəsinin sözlərinə görə, V. Əliqayev sakit təbiətli olub: “Pis uşaq deyildi. İndiyə qədər onun barəsində şikayət eşitməmişəm. Onun qardaşı da var Buludxan. O da çox yaxşı uşaqdı. Ümumiyyətlə, Əliqayevlər problemli ailə deyillər”.
Qeyd edək ki, noyabrın 24-də Zaqatalanın Aşağı Tala kəndində silahlı insident baş verib. “Vaz-2107” markalı avtomobil Əliqayev Vüsalın idarə etdiyi “Hyundai” markalı avtomobilə yaxınlaşaraq atəş açılıb. Maşında olan 3 sərnişin ölüb. V. Əliqayevin özü isə yaralı halda xəstəxanaya yerləşdirilib.