Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən məlumat verilib. Məlumata görə, ölümlə nəticələnən yol qəzası mayın 22-si axşam saat 20.30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 119-cu kilometrliyində, Zaqatala rayonu ərazisində qeydə alınıb. 1951-ci il təvəllüdlü, Balakən rayonu Gərəkli kənd sakini Cəlilov Murtuzəli Həmid oğlunun idarə etdiyi “Qazel” markalı, 20 CX 980 dövlət nömrə nişanlı yük maşını ilə 1989-cu il təvəllüdlü Zaqatala rayonu Bəhmədli kənd sakini Hüseynov İldırım Şamil oğlunun idarə etdiyi «VAZ 21011» markalı 47 BA 517 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki maşının sürücüləri Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq «VAZ 21011» markalı avtomobilin sürücüsü İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. İ.Hüseynov Zaqatala MRX-da keçinib. Digər sürücü M. Cəlilovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.