Ötən gecə paytaxt sakini döyülərək xəstəxanalıq olub.
APA TV-nin məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Əzizbəyov 17 ünvanında qeydə alınıb. Zəlimxan Valehov təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına xəstəxanada verdiyi ifadəsində zərərçəkmiş qonşuluqda yaşayan Vidadi adlı şəxs tərəfindən döyüldüyünü bildirib. Belə ki, Zəlimxan Valehovun sözlərinə görə, qonşusu Vidadi onların həyətində it boğuşdurub. Zərərçəkmiş ona etirazını bildirəndə isə, aralarında mübahisə yaranıb. Bu zaman Vidadi yumruq zərbələri ilə Zəlimxan Valehovun sifət nahiyəsinə xəsarətlər yetirib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Həmin gecə 3 saylı şəhər xəstəxanasına ağır yaralı gətirilən 43 yaşlı Şahin Tahir oğlu Əliyev isə dərhal əməliyyat olunub. Həkimlər ona daxilə nüfuz edən qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Faktla bağlı polisə məlumat verilib. Məlum olub ki, hadisə Zabrat qəsəbəsi, Şirvanı küçəsində yerləşən evlərdən birində baş verib. İlkin ifadəsində Şahin Əliyev mətbəxdə bıçaqla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirdiyini bildirib. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır. Baş verən hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.