İsrailin “Beytar” futbol klubu azarkeşlərinin ölkə çempionatı matçındakı davranışı üzündən cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Yerusəlim komandasına 50 min şekel (13,5 min dollar) cərimə kəsilib.
Habelə, aktiv fanatların oturduğu tribuna 5 oyun qapadılacaq. Yanvarın 26-da “Beytar”ın “Bney Yehuda” ilə keçirdiyi ev oyunu zamanı yerusəlimli azarkeşlər çaxnaşma törədiblər. Onlar komandaya Rusiya “Terek”inin 2 futbolçusu – Zaur Sadayev və Cəbrayıl Kadayevin keçidinə etiraz ediblər. Fanatlar çeçen oyunçuların ünvanına təhqiramiz ifadələr işlədiblər.
Sadayev və Kadayevin keçidi yanvarın əvvəllərində “Beytar”ın sahibi Arkadi Qaydamakın Qroznıya baş çəkməsindən sonra gerçəkləşib. Onun Çeçenistan paytaxtında prezident Ramzan Kadırovla görüşündə iki klub arasında dostluq münasibətlərinin qurulmasına dair qərar qəbul olunub. Yanvarın 8-də “Beytar”la “Terek” yoldaşlıq görüşündə üz-üzə gəlib.
Qeyd edək ki, “Beytar” fanatları komandada müsəlmanlar, o cümlədən ərəblərin və qaradərililərin oynamasına qarşı dəfələrlə etirazlarını bildiriblər. Fanatlar arasında “Beytar” əbədi təmizdir” şüarı populyardır.