Ağdamda 7 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Bayramlı Rəvan Qədir oğlu qaçarkən yıxılıb. Nəticədə əlindəki uzunluğu 2 metrədək olan armatur R. Bayramlının sol bud nahiyəsinə batıb. Valideynləri dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin Xilasedicilərini və təcili tibbi yardımı köməyə çağırıblar.
Hadisə yerinə gələn xilasedicilər uşağın ayağını dəlib keçmiş armaturu kəsib qısaltdıqdan sonra yaralı təcili yardım maşını ilə Ağdam Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, R.Bayramlının ayağında qalan dəmir parçası çıxarılıb və hazırda uşağın həyatına təhlükə yoxdur.
Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır