Bu gün Gəncəyə yağan güclü yağış nəticəsində bəzi küçələrdə yaşayış evlərinə su dolub. APA-nın qərb bürosunun verdiyi məlumata görə günorta saatlarında yağan güclü yağış şəhərin Fərhad Əliyev, Şah İsmayıl Xətai, Ziya Bunyadov kimi küçələrində evlərin həyətlərinə su dolması ilə nəticələnib. Gəncə şəhər İcra Hakimiyyəti aparatından bildiriblər ki, həyətlərdən suyun təmizlənməsi istiqamətində tədbirlər həyata keçirilir. Axşam saatlarına kimi təmizlənmə işlərinin sona çatacağı bildirilib.
Yağışdan sonra Gəncədə güclü külək əsib. Nəticədə bir sıra ərazilərdə ağaclar qırılaraq elektrik naqillərini qırıb. Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin verdiyi məlumata görə külək nəticəsində aşan ağaclar şəhərin 5-ci mikrorayon, Kərpic zavodu qəsəbəsi, Adil İsgəndərov küçəsi və Şeyx Bahəddin küçələrində elektrik naqillərini qırıb və sözü gedən ərazilərdə sakinlər elektrik enerjisiz qalıb. Məlumata görə hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Bundan başqa külək bəzi ərazilərdə ağacları yola aşıraraq avtomobillərin hərəkətinə mane olub. Hətta müəyyən yerlərdə divarlar uçub, ağaclar avtomobilləri zədələyib.
Gəncədə Üzeyir Hacıbəyov küçəsi bina 148 ünvanda yaşayan sakinlər isə binalarının dam örtüklərinin dağıdılması nəticəsində evlərinə su dolmasına etirazlarını bildiriblər. Hətta onlar küçədə avtomobillərin hərəkətini dayandırmağa da cəhd ediblər. Əraziyə gələrək vətəndaşları dinləyən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun APA-ya verdiyi məlumata görə sözü gedən bina Dəmir yol idarəsinin balansındadır.
“Orada bir neçə bina var ki, onların dam örtükləri olmayıb, qır örtükdür. Hazırda şəhərdə binalarda dam örtüklərinin yenilənməsi işi gedir. Bu iş çərçivəsində biz həmin binaları da müasir dam örtüyü ilə təmin edəcəyik. Ümumilikdə Gəncədə ilin sonuna kimi 200-ə yaxın binanın dam örtüyü müasir üslubda yenilənəcək”.