Bu avtomobil yolu əsaslı şəkildə təmir olunub
Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma işləri 180 min kv.m-dən çox sahəni əhatə edib.
Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla dəniz turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.
558