ABŞ mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə işıq üzü görüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, fevralın 21-də Vaşinqtonda çap edilən “The Hill” qəzetində bu ölkədə yaşayan həmyerlimiz, ABŞ azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurasının həmtəsisçisi və üzvü Adil Bağırovun Xocalı soyqırımına həsr olunmuş geniş məqaləsi dərc olunub.
“Xocalı faciəsi tanınmağa layiqdir” adlı yazı qəzetin “Konqres” bölməsində yer alıb. Məqalədə amerikalı oxucuya 21 il əvvəl Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırım haqda ətraflı məlumat verilir və qətliam Avropada ən böyük cinayət adlandırılır. Müəllif beynəlxalq media və insan haqları qruplarının müharibə cinayətində hadisələrin detallarını təfərrüatı ilə söyləməsinə baxmayaraq, günahkarların hələ də cəzasız qalmasından narahatlığını bildirir. Adil Bağırov daha sonra yanvarın 26-da Ağ Evin “Biz Xalqıq “ veb səhifəsində yerləşdirilmiş və qısa vaxtda 125,000 imza toplamış petisiyaya diqqət çəkərək Barak Obama Administrasiyasını Xocalı müharibə cinayətini anmağa çağırır. Müəllifin fikrincə, bir çox amillər prezident Barak Obamanı bu addımı atmağa sövq etməlidir.
Qeyd edək ki, “The Hill” qəzeti Kapitolidə ən çox tirajla yayılan qəzet kimi tanınır. Qəzetin internet səhifəsi və konkret siyasi, strateji məsələlərə həsr olunan 11 bloqu var.