Xırdalan şəhəri 2 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıb.
Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 19:36-da başa çatıb.