Bakıda qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 6-na təyin edilib.
Qeyd edək ki, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.
Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.