“Gülər Əhmədova Əvəz Zeynallıya heç bir xəbər göndərməyib, o, yəqin bunu yuxusunda görüb”
Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-ya məlumat verən E. Qədimi G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanımın ürəyində ağrılar var. Onunla bir sıra məsələləri müzakirə elədik. İşlə bağlı bir neçə vəsatətlər hazırlayacağıq” .
E. Qədimi G. Əhmədovanın cinayət işinin istintaqında hər hansı yeniliyin olmadığını da qeyd edib: “Hələ ki, bir yenilik yoxdur. Mətbuatda yazılıb ki, guya Səlcuq Ağlayan Türkiyədə həbs olunub, bu yalandır”.
E. Qədimi G. Əhmədovanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində ifadə vermək istəməsi barədə mətbuatda yayılan fikirlərə də münasibət bildirib: “Bunun hamısı yalandır. Əvəz Zeynallı yəqin bunu yuxusunda görüb. Gülər Əhmədova ona heç bir xəbər göndərməyib və məhkəmədə yenidən ifadə vermək fikri də yoxdur. Hamısı yalandır, belə şey olmayıb”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.