“Əli Kərimlinin miskin durumda olduğunu, hətta Milli Şura və vahid namizəd ətrafında yaranmış vəziyyətə şərh vermək iqtidarında belə olmadığını bildirmişdim. Ətrafındakı bəzi "ağıllılar" anonim imzalarla cavab verdilər: “Əli bəy müxalifətə yaxşı torba tikib, tərpənə bilmirlər”. Nəhayət, onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj, demoqogiya və hikkə. Nə olsun? Nədir qazancın?” Lent.az-ın xəbərinə görə, bunu Əhrar Partiyasının sədri, Müsavat Partiyasına yaxınlığı ilə seçilən Vaqif Hacıbəyli “facebook” sosial şəbəkəsindəki statusunda yazıb.
O, qeyd edib ki, Müsavat Partiyasının “pis -yaxşı apardığı təbliğat” da iflic edilib: “Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var? İş o yerə çatıb ki, Rəsul Quliyev demokratik düşərgənin vahid namizədi olmaq iddiasına düşüb. Budurmu uğur?”
V. Hacıbəyli Ə. Kərimlini Müsavatı “şantaj etmək”də, "torba tikməkdə" ittiham edib: “Məsuliyyəti üzərinizə götürüb xalqı arxanizca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz. İndi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək, ona bu gün dediyi fikri sabah dəyişməyə vadar edərək, müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiz. Bəs deyilmi bu oyunlar? Milli Şuranın antimüsavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi?”