Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı məsələ geniş ictimai reaksiya doğurub. Lent.az-ın əməkdaşı bu gün qalmaqallı bağçada olub. Adının açıqlanmasını istəməyən tərbiyəçi bildirib ki, bağça artıq fəaliyyət göstərmir: "Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb".
Tərbiyəçi bildirib ki, valideynlərin qalan pulları ödəniləcək: "Hazırda təhvil-təslim işləri aparılır. Hansı uşağın vaxtı bitməyibsə, onun valideyninə pulu qaytarılacaq".
Bağçanın müdirəsi Nigar Müseyibova isə açıqlama vermək istəməyib və bağçaya daxil olmağımıza icazə verməyib.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülər yayılıb. Bundan sonra müvafiq qurumlar bağçanın fəaliyyəti ilə bağlı araşdırma başlayıb.
Dünən Yasamal rayon icra başçısı da "Kids Studio Uşaq Mərkəzi”ndə olub və vəziyyətlə maraqlanıb.
Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.