Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saat 00.45 radələrində Qazıməmməd - Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində rayonunun Nizami kəndi ərazisində qeydə alınıb. Bakı sakini 41 yaşlı Abdullayev Azər Aydın oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 90 RE 308 dövlət nömrə nişanlı avtomobil sərt döngədə böyük sürətlə yoldan çıxaraq hündürlükdən dərəyə yuvarlanıb. Avtomobil dərədə böyük diametrli qaz kəmərinin üzərində 7-8 metr sürüşərək çevrilib. Nəticədə avtomobilin banı sürücünü salonda sıxaraq öldürüb. Sürücünün tanınmaz halda olan meyiti avtomobildən Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin xilasediciləri tərəfindən xüsusi alətlərlə çıxarılıb.
Avtomobildə olan Bakı sakinləri - 1979-cu il təvəllüdlü Eyvazov Seymur Cabir oğlu, 1963-cü il təvəllüdlü Əliyev Oktay İsgəndər oğlu və 1992-ci il təvəllüdlü Soltanov Salamat Namusəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza sürücü və sərnişinlər toy şənliyindən qayıdan zaman baş verib. Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.