Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. İkitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanıb. Sənədi təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imzalayıb.
Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.
Qeyd edək ki, “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində ötən illərdə Bakıda işlər həyata keçirilib. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar. İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcək. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaq.