Bakıda avtobus sürücüsünün üstünə silah çıxaran sərnişin haqda cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərnişin, 1988-ci il təvəllüdlü Bərdə sakini Orxan Orucov barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ( Maddə 221.3 - Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) Binəqədi Rayon Polis bölməsində istintaq başladılıb.
O.Mansurzadə bildirib ki, hazırda O.Orucovun yerinin müəyyənləşdirilməsi və tapılaraq məsuliyyətə cəlb edilməsi üçün lazımi əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir: “Həmin şəxs tutulduğu halda bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda başlanmış cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.