Bir neçə gün əvvəl təmir işləri ilə əlaqədar bağlanmış Tibilisi prospektinin 20-Yanvar dairəsindən Salamzadə küçəsinədək olan hissəsi sürücülərin istifadəsinə verilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, təmir işləri aparılan yolun şəhərin mərkəzi istiqamətində gələn hissəsi bu gün saat 10:30-11:00 arası açılacaq.
Təmir işləri ilə əlaqədar prospektin qeyd edilən hissəsində asfalt örtüyü qaşınıb və yeni ikiqat asfalt örtüyü döşənib. Bundan sonra yolda xətləmə işləri görülüb, kommunikasiya quyularına baxış keçirilib, beton plitələr dəyişdirilib.
Qeyd edək ki, Tibilisi prospektinin təmiri işləri mərhələli formada həyata keçirilir.