Şurada AXC-nin yaranmasının 100-cü ildönümü qeyd edildi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirilib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “19-cu əsrdə Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən tərəfindən işğal edilərək pərakəndə xanlıqlar formasında imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil və 114 min kv. km ərazini əhatə edən bir dövlət kimi çıxdı. Cümhuriyyət qurucuları intellektual potensialı, xalqına, millətinə olan sevgisi, qayğısı və sədaqəti ilə birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar”.
Azay Quliyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Əgər 100 il bundan öncə Azərbaycan Cümhuriyyəti yaranmasa idi, şübhəsiz indiki müstəqil dövlətimiz də olmazdı. Azərbaycan ən yaxşı halda bolşevik inqilabından sonra Rusiyanın bir əyaləti kimi Sovetlərin tərkibinə qatılacaqdı və SSRİ dağılandan sonra isə Rusiya Federasiyasının bir subyektinə çevriləcəkdi: “Təkcə bu tarixi nailliyyətə görə biz cümhuriyyət qurucularının ruhu qarşısında baş əyir, onların əziz xatirəsini minnətdarlıq hisssi ilə anırıq”.
Şura sədri deyib ki, qısa müddətdə milli valyuta, ordu, universitet yaradan, Avropanın bir çox dövlətlərindən və ABŞ-dan fərqli olaraq qadın və kişilərin hüquq bərabərliyini elan edən, qadınlara səs vermək hüququ verən Cümhuriyyət təəssüflər olsun ki, cəmi 23 ay mövcud oldu və Sovet Rusiyasının işğalı səbəbindən süquta uğradı.
Azay Quliyev bildirib ki, ümummili lider Heydər Əliyev Cümhuriyyət qurucularının arzularını gerçəyə çevirdi və müstəqilliyimizi əbədi etdi. Cənab Prezident İlham Əliyev isə müstəqil Azərbaycanı daha da gücləndirdi və regionun söz sahibi olan güc mərkəzinə çevirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransda geniş məruzə ilə çıxış edib. İyirminci əsrin əvvəllərində Cənubi Qafqazdakı mürəkkəb siyasi vəziyyəti təhlil edən alim 19-cu əsrdə regiona Çar Rusiyası tərəfindən yeni və yad millətin-ermənilərin köçürülməsindən sonra yüz minlərlə azərbaycanlının vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırıb. Y. Mahmudov qeyd edib ki, Azərbaycanın ziyalıları, igid övladları bütün çətinlikləri aşarak müstəqil dövlət qurmağa nail olublar.
Akademik deyib ki, Azərbaycan xalqı Cümhuriyyəti qurmaqla dünyaya sübut etdi ki, 5 min illik dövlətçilik tarixinə malik bir milləti məhv etmək mümkün deyil. Cümhuriyyət qurucuları Azərbaycanı odun içindən çıxararaq qurdular. Bu çox böyük nailiyyət idi: “Türk Dünyasında, İslam coğrafiyasında ilk demokratik respublikanı biz azərbaycan türkləri yaratdıq. Yaşadığımız 21-ci əsrdə Avopada irqçilik, islamafobiya, ksenefobiya halları baş alıb gedir. Amma 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün xalqlara eyni hüququ tanıdığını bəyan etdi. Qadınlara seçmək, seçilmək hüququ verdi. Mətbuata senzuranı ləğv etdi.Bunları həyata keçirmək böyük hünər və zəka tələb edirdi”.
Yaqub Mahmudov sovet dövründə Azərbaycan tarixinin əksər səhifələrinin saxtalaşdırıldığını, o cümlədən də Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləndiyini vurğulayıb. Bu gün isə xalqımızın həqiqi tarixi dərindən öyrənilir və dünyaya təqdim olunur: “ Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Azərbaycan xalqının bu möhtəşəm tarixinin dünyaya çatdırılmasında ulu öndərin böyük xidmətləri var. Onun tapşırığı ilə Tarix İnstitutu Cümhuriyyət tarixini əhatə edən çoxcildli kitablar nəşr etdirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır. Cənab prezidentin göstərişi ilə Cümhuriyyət və azərbaycanlıların soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərindən yüz minlərlə səhifəlik sənədlər ölkəmizə gətirilərək mütəxəssislərin ixtiyarına verilib”.
Konfransda Şuranın Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibəti ilə hazırladığı qısametrajlı filmə baxış keçirilib.
Deputat Fəzail Ağamalı yüksək səviyyəli konfransın təşkilinə görə Şuraya təşəkkürünü bildirərək Şuranın Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birgə Cümhuriyyətin tarixi ilə bağlı konfrans keçirməsinin çox faydalı olacağını deyib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 1918-ci ildə Anadolu və Azərbaycan türklərinin daşnak-bolşevik qoşunlarına qarşı birgə şəkildə böyük uğurla mübarizə apardığını bildirib. Ə.Hüseynli Qafqaz İslam Ordusunun yaranmasından qabaq da Azərbaycanın müxtəlif ərazilərində təşkilatlanan vətən fədailərinin erməni silahlı dəstələrinə qarşı mübarizədə qəhrəmanlıqlar göstərdiyini vurğulayıb.
QHT rəhbərləri Rauf Zeyni, Təhmasib Novruzov, Samir Adıgözəlli, Radə Abbas, Müğan Əliyev və digər şəxslər çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin qürur dolu səhifəsi olduğunu və onun varisi olan bugünkü müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün hər bir vətəndaşın çalışmasının lazım olduğunu bildiriblər.
237