Qadın qətlə yetirilib, 72 yaşlı kişi isə damarlarını doğrayıb
Sumqayıt şəhərində qətl törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 14-cü məhəllə, ev 12/21 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan Siyəzən sakini, 45 yaşlı Arzu Mehbalı qızı Nəcəfovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gələrək araşdırmalara başlayıblar. Araşdırmalar zamanı qadının 2-3 gün əvvəl qətlə yetirildiyi müəyyənləşib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Bundan başqa Sumqayıt şəhərindəki Onkoloji Dispanserdə də dəhşətli hadisə baş verib. Orada xərçəng xəstəliyindən müalicə olunun 72 yaşlı Fərhad Əliheydər oğlu Babayev bıçaqla qollarını doğrayıb. Çoxlu qan itirən F. Babayev dünyasını dəyişib.
İlkin məlumata görə, mərhum xəstəliyi ilə əlaqədar canına qəsd edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.