Bakıda mayın 25-də gecə saat 21.30 radələrində həkim-kardioloqun qətlə yetirilməsinin təfərrüatları bəlli olub.
Məlumata görə, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, C. Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib.
Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil deyil. Həkim bu mənzili dostları ilə birlikdə qadınlarla görüşmək üçün kirayələyib. Araşdırmalar zamanı məlum olub ki, Həmişəyev mənzildə tez-tez qadınlarla görüşüb.
Bu dəfəki görüş isə acı sonluqla nəticələnib.
C. Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.
Hüquq-mühafizə orqanları C. Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığını müəyyənləşdiriblər.
Elə gecə saat 2.00 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.
Maşında olan Türkan Sudef qızı Bağırlı, Yasin Mərkəz oğlu Ərəbov və Koroğlu Yusif oğlu Məmmədov saxlanılıblar. Onlar ilkin ifadələrində C. Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
Maşından isə C. Həmişəyevin şəxsi əşyaları, sənədləri tapılıb. Avtomobildə həmçinin saxlanılan Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarları, maşında olan 600 manat da götürülüb.
C. Həmişəyevin qətlində istifadə olunan iki bıçaq da Buzovnadakı zibillikdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb.