Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində "Azərkörpü" tikinti şirkətinə məxsus, 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobilinin "Aztrans" tikinti şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan "Shackman" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.