Bu gün Gürcüstana səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu ölkədə yaşayan soydaşlarımızla görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Şeyxülislam Tiflisdə Məhərrəmlik ayının 40-cı günü münasibətilə keçirilən təziyədarlıqda da iştirak edib.
Tədbirdə Gürcüstan patriarxlığının nümayəndələri, parlamentin azərbaycanlı və gürcü deputatları, gürcü nazirlər və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib.
Mərasim Qurandan ayələr oxunmaqla başlayıb.
Tədbirdə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yerli ağsaqqallardan İsmixan Məmmədov, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və başqaları çıxış ediblər.
Tədbirdə çıxış edən QMİ Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev A. Paşazadə və II İlyanın arasındakı dostluq münasibətlərindən danışıb. O, QMİ-nin Qafqazda 200 illik tarixə malik olduğunu, bu idarənin Gürcüstandakı nümayəndəliyinin 50 ildir ki, fəaliyyət göstərdiyini bildirib.
“Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov çıxışında yeni hakimiyyət nümayəndələrindən xahiş edib ki, keçmiş hakimiyyətin Gürcüstanda yeni dini qurum yaratmaq haqqında olan səhvini düzəltsin: “Bir neçə şəxsin bir araya yığışıb bir təşkilat yaradaraq, dinimizi ayırmasını biz qəbul etmirik. Biz həmişə Gürcüstanın daxili və xarici siyasətini dəstəkləmişik. Onun acı günü bizim acımız, gözəl günü bizim gözəl günümüz olub. Biz nə Xomeyniyik, nə də vəhhabi. Əhli-Beyt dostuyuq və heç bir məzhəbi özümüzdən kənar etməmişik. Eyni zamanda gürcü xalqının dininə hörmət edən bir xalqıq, onlar da bizim dinə hörmət edirlər. Gürcüstan dövlətindən xahiş edirəm ki, bir neçə azərbaycanlıdan istifadə edib yaratdıqları bu dini qurum ləğv edilsin.”
Tədbirdə QMİ-nin sədri Allahşükür Paşazadə çıxış edib. O, çıxışında Kərbala şəhidlərinin, Qarabağ və Abxaziyada gedən döyüşlər zamanı həlak olan qəhrəmanların Vətən və torpaq üçün dünyadan getdiklərini bildirib: “Biz 35 ildən çoxdur ki, Allahsız bir dövlətdən, sovet rejimindən ayrılıb müstəqil bir dövlətlər olduq. Bu müstəqillik həm Gürcüstana, həm də Azərbaycana xoşbəxt anlar gətirib. Bunu istəməyənlər Qarabağda, həmçinin Gürcüstan torpaqlarında problemlər yaratdılar. İnanırıq ki, Kərbəla şəhidləri kimi torpaq uğrunda tökülən qan yerdə qalmayacaq”.
A. Paşazadə gürcü və Azərbaycan xalqlarının arasında tarixi bir bağlılığın olduğunu və bunun bu gün də davam etdiyini qeyd edib: “Bu ölkələri həm də mənəvi bağlılıq birləşdirib. Gürcüstanda azərbaycanlılar və Azərbaycanda gürcülər yaşayırlar. Biz iki dini lider olaraq istəyirik ki, onlar özlərini yaşadıqları ölkənin tamhüquqlu vətəndaşları hiss etsinlər, hər iki ölkənin çiçəklənməsinə çalışsınlar.”
A.Paşazadə bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşdüyünü bildirib: “Baş nazirlə görüş məndə yaxşı təsir və gələcəyə böyük inam yaradıb. İnanıram ki, Gürcüstanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənəcək. Biz II İlya ilə birlikdə Allahımız bir olduğu üçün hər iki xalqın rəhbərliyi üçün dualar edirik. Biz torpaqlarımızı bütöv görmək istəyirik”.