Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəni Ermənistanın hiyləsindən ehtiyatlı olmağa çağırıb.
APA-nın məlumatına görə, Şeyxülislam Bakıda səfərdə olan Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə görüşü zamanı bildirib ki, dünya erməniləri Türkiyəyə qarşı bu il 100 illiyini qeyd etmək istədikləri “soyqırımı” hiyləsini işlədərək, qorxulu niyyətlərini həyata keçirmək istəyirlər.
O qeyd edib ki, ermənilərin türklərə qarşı tarixdə olan hansısa hadisəni “soyqırımı” kimi təqdim etməsi hiyləsi yeni formada təqdim olunmağa başlayıb: “Bu, Ermənistanın Türkiyəyə qarşı bir hiyləsidir. Türkiyə bu hiylədən ehtiyatlı olmalıdır. Əsl soyqırımı elə onlar bizə qarşı törədiblər. Məsələn, qarşıdan 31 mart hadisələrinin ildönümü gəlir. Bu hadisələr vaxtı erməni daşnakları öz torpağımızda bizi qırıblar. Bundan başqa, yaxın tarixdə Xocalı qəsəbəsində azərbaycanlıları, elə ailələr var ki, nəsli kəsilənə qədər qırıblar. Yəni söhbət əsl soyqırımdan gedirsə, bunu elə ermənilər özləri törədib”.