Sərnişin avtobusundakı qətllə bağlı rəsmi açıqlama
17 iyul 2013 20:17 (UTC +04:00)

Sərnişin avtobusundakı qətllə bağlı rəsmi açıqlama

Bakı şəhər prokurorluğu bu gün Azərbaycan paytaxtında sərnişin avtobusunda baş vermiş qətl hadisəsi ilə bağlı açıqlama yayıb.


 

Prokurorluqdan APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, iyulun 17-də saat 13:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində, Bakıxanov küçəsi 7 saylı binanın qarşısında, «Transqeyt» MMC-yə məxsus, 6 saylı marşrut xətti üzrə hərəkətdə olan «Daewoo» markalı, 10-TF-873 dövlət qeydiyyat nişanlı avtobusun salonunda, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar Xəlilov tərəfindən polietilen torbaya bükülmüş lüləsi kustar üsulla kəsilmiş qoşalülə ov silahından açılmış atəş nəticəsində paytaxt sakini, 1975-ci il təvəllüdlü Vəfadar Məmmədov aldığı xəsarətdən ölüb.

 

Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə baxış keçirib, cinayətin törədilməsində istifadə olunmuş odlu silah maddi sübut kimi götürülüb və digər təxirəsalınmaz hərəkətlər aparılıb.

 

A.Xəlilovun idarə etdiyi «Toyota Corolla» markalı, 90-HS-359 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun yük hissəsində 1 ədəd «Vinçester» markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Fakt üzrə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmə, saxlama, gəzdirmə), 229.1 (qanunsuz olaraq silah hazırlama) və 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, hadisənin şahidləri müəyyən edilərək dindirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

 

A.Xəlilov cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. İlkin məlumata əsasən, A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır.

 

Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun istintaq idarəsində davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar