Jurnalistika ixtisasının tələbələri “Jurnalist etikası” fənnindən ilk imtahanlarını veriblər
Bu gündən Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyasına start verilib.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun rektoru, millət vəkili Səməd Seyidov 2012/2013-cü tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələr uyğun keçirilməsini təmin etmək məqsədilə 25 dekabr 2012-ci il tarixində 149 №-li əmr imzalayıb.
Əmrdə deyilir ki, qış imtahan sessiyası 07 yanvar 2012-ci il tarixindən başlansın. Qiyabi şöbədə sessiya müddəti 07 yanvar 2013-cü ildən 14 fevral 2013-cü ilədək müəyyən edilib. Qış imtahan sessiyası 5 fakültənin(Tərcümə, Fransız-Alman dilləri Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulur. Sessiya ilə əlaqədar fakültələrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdiri məsuliyyət daşıyır. Bu gün Operativ Qərargahın üzvləri Filologiya fakültəsində keçirilən “Jurnalist etikası”, “Pedaqogika-1” və “Üslibiyyat” fənlərindən keçirilən imtahanların gedişini izləyiblər.
Qeyd edək ki, ADU-nun Filologiya fakültəsinin Jurnalistika ixtisasının tələbələri “Jurnalist etikası” fənnindən ilk imtahanlarını veriblər.