Səfir və konsulların xərcləri necə ödəniləcək? – QAYDA
10 yanvar 2013 18:20 (UTC +04:00)

Səfir və konsulların xərcləri necə ödəniləcək? – QAYDA

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nı təsdiq edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə,bu qayda  Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında diplomatik xidmət əməkdaşlarına işlədikləri dövrdə təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

Nümayəndəliyin təmsilçilik xərcləri üzrə maliyyələşdirmə aparılarkən, onun mövcud vakant ştatları nəzərə alınır və bu vakant ştatların müqabilində xərclərin maliyyələşdirilməsi azaldılır. Təmsilçilik xərcləri hər il diplomatik nümayəndəliyin təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

Təmsilçilik xərclərinin istifadəsi diplomatik nümayəndəliyin rəhbərinin iqamətgahında, nümayəndəliyin  binasında, xüsusi olaraq icarəyə götürülən yerlərdə, ictimai-iaşə obyektlərində və digər yerlərdə həyata keçirilir. Təmsilçilik xərcləri səlahiyyətlərinin icrası ilə bağlı diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən aşağıdakı istiqamətlərə yönəldilir:

- ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınması;

- diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində təşkil olunan işgüzar ziyafətlərin keçirilməsi;

- Bu qaydada göstərilən məqsədlər üçün cəlb edilmiş tərcüməçilərin xidmət haqlarının ödənilməsi;

- hədiyyələrin (suvenir, güllər və s.) alınması və onların qablaşdırılması;

- dəvətnamələrin və təbrik açıqcalarının alınması və göndərilməsi;

- diplomatların və onların ailə üzvlərinin mədəni tədbirlərdə iştirakı;

-  diplomatik xidmət əməkdaşına və onun ailə üzvlərinə tədbirlərdə iştirak üçün tələb olunan müvafiq nümayəndəlik libasının icarəyə götürülməsi və ya alınması;

- vizit kartlarının hazırlanması.

Diplomatik xidmət əməkdaşlarının əmək haqlarına faizlə müəyyən edilmiş təmsilçilik xərcləri ayda bir dəfə hər bir diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müvafiq qaydada aylıq hesabat forması təqdim edildikdən sonra (təyinatın birinci ayı istisna olmaqla), diplomatik nümayəndəliyin mühasibatlığı tərəfindən əməkhaqqı aldığı müvafiq xarici valyutada ödənilir. Əməkdaş tərəfindən əvvəlki ayda (aylarda) istifadə edilməmiş və ya qismən istifadə edilmiş təmsilçilik xərcinin qalığı sonrakı aylarda istifadə edilə bilər (bir dəfəyə istifadə edilən xərc təmsilçilik xərcinin 3 aylıq məbləğindən çox olmamalıdır).

Təmsilçilik xərcləri ilə bağlı hesabat bu qaydanın əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir diplomatik xidmət əməkdaşı tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və diplomatik nümayəndəliyin mühasibatlığına təqdim edilir. Diplomatik xidmət əməkdaşı əvvəlki ayın hesabatını növbəti ayın 5-nə qədər təqdim edir. Diplomatik xidmət əməkdaşı ödənilmiş təmsilçilik xərcinin istifadəsinə dair hesabatı təqdim etmədikdə, növbəti ay ona təmsilçilik xərclərinin ödənilməsi dayandırılır. Təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı hər bir diplomatik xidmət əməkdaşı tərəfindən tərtib olunan hesabat formaları maliyyə hesabatları ilə birlikdə diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilir.

Diplomatik xidmət əməkdaşlarına müəyyən edilmiş təmsilçilik xərcləri yalnız bu qaydada qeyd edilmiş istiqamətlərə yönəldilməlidir. Diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərcləri üçün müəyyən edilmiş vəsaitin diplomatik nümayəndəliyin və ya konsulluğun xərclər smetasının digər xərc maddələrindən ödənilməsi yolverilməzdir. Təmsilçilik xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsinə, habelə bu qaydanın müddəalarının pozulmasına görə  diplomatik nümayəndəliyin əməkdaşı və aidiyyəti diplomatik nümayəndəliyin rəhbəri məsuliyyət daşıyırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879
avatar

Oxşar yazılar