Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çayı kənarında torpaq uçqununun baş verməsi barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, ərazidən vətəndaş keçərkən torpaq uçqunu baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalıb və xəsarət alıb.
Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən qazılaraq çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.