Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan polis şöbəsindən məlumat verilib. Məlumata görə, Ələt-Astara magistralının 81-ci kilometrliyidə, rayonun Şorsulu kəndi ərazisində Biləsuvar rayon sakini Fərhad Kərimxan oğlu Ağayev idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçmək istəyən Bərdə rayon sakini İlqar Eldar oğlu Həsənovu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Salyan rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və tədqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.