Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
S. Rüstəmxanlı bəzi QHT təmsilçilərinin həbsinə münasibət bildirərək, onların içində Azərbaycan qanunlarına zidd addım atanların olduğunu vurğulayıb: “Yəni, ən azı onların işlərinə baxanda görürəm ki, mənim düşüncə tərzimə uyğun olmayan bir sıra proqramlar həmin QHT-lərin vasitəsi ilə həyata keçirilir. Bəzilərinin aldığı pulların mənbəyi də qaranlıqdır. Bu baxımdan onların içərisində Azərbaycan qanunlarına zidd addım atanlar da var. Ancaq kütləvi şəkildə gənclərə qarşı təzyiqlər məni ciddi şəkildə narahat edir və buna qarşı barışmaz mövqedə dayanıram”.
O, müxalifyönümlü siyasi partiya rəhbərlərinin QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbini də açıqlayıb. S. Rüstəmxanlı bildirib ki, sözügedən qurumun fəaliyyəti VHP tərəfindən araşdırıldıqdan sonra orda iştirak edib-etməmək barədə qərar veriləcək: “Mən Azərbaycanda deyildim. İki gün öncə Türkiyədən qayıtmışam. Telefonla Mirmahmud Mirəlioğlu ilə danışığımız olub. Amma mənim yaranan qurumun çərçivəsi, məqsədi, təşəbbüskarları haqqında ciddi məlumatım yoxdur. Məlumat olmadığına görə həmin qurumda iştirak edib-etməyəcəyimiz barədə bir söz deyə bilmərəm. Bu məsələ hələ araşdırılmalıdır”.