Bu gün bir qrup deputat və jurnalist Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində olub.
APA-nın məlumatına görə, hərbi hissədə Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının sahib olduğu S300 PMU-2 (Favorit) zenit raket kompleksləri nümayiş olunub, zenit raket komplekslərinin taktiki texniki göstəriciləri barədə məlumat verilib. Əyani şəkildə raket kompleksin döyüş hazırlığına gətirilməsi nümayiş etdirilib.
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, bu texnikalar hərbi paradda ictimaiyyətə nümayiş etdirilib: “Azərbaycanın malik olduğu S300 zenit raket kompleksləri öz sinfinin ən müasiridir. Zenit raket kompleksləri Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır”.
Hərbi hissə komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, S300 divizionu eyni anda 6 hədəfi müşayiət edir və atəş altında saxlayır. O, divizionun hədəfə qarşı 12 raket yönəltdiyini bildirib: “Döyüş maşını 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Raketlərin məhvetmə uzaqlığı 3 kilometrdən 200 kilometrə qədərdir. Bu raketlər saniyədə 2800 metr hərəkət edən hədəfləri məhv etməyi bacarır. Hər bir S300 divizionu retranslyator vasitəsi ilə komanda məntəqəsindən 90 kilometr məsafədə yerləşdirilə bilər”.
Daha sonra jurnalistlər və millət vəkilləri kompleksin döyüşə hazırlıq vəziyyətini izləyib, zenit raket briqadası üçün yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, tədbirdə millət vəkillərindən Bahar Muradova, Hadi Rəcəbli, Bəxtiyar Sadıqov, Gövhər Baxşəliyeva və digərləri iştirak ediblər.