Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin ilkin baxış keçirilib. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı keçirilib. Jurnalistin vəkili Fuad Ağayev hakimdən bəraət hökmünün çıxarılmasını istəyib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur.
İttiham tərəfi isə birinci instansiya məhkəməsinin verdiyi hökmün (6 il müddətinə azadlıqdan məhrum etmə) qüvvədə saxlanılmasını tələb edib.
Hakimlər kollegiyası müşavirəyə gediblər. Hakimlərin qərarı sabah saat 11-də elan ediləcək.
Prosesdən sonra R.Mirqədirovun anası Rəfiqə İsayeva jurnalistlərə açıqlama verib. O, bildirib ki, oğlu ilə sonuncu dəfə fevralın 25-də görüşüb. R.İsayevanın sözlərinə görə, jurnalistin səhhətində problemlər var.
Xatırladaq ki, R.Mirqədirovun anası oğlunun əfv edilməsi üçün prezidentə müraciət edib.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.