Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O törətdiyi əməldən peşman olduğunu deyib.
Həmçinin qeyd edib ki, qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. Bir müddət sonra hərbi xidmətə yollanıb. Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinin 4-cü ayında hüquq-mühafizə orqanlarının əməkdaşları onu bıçaqlanma hadisəsinə görə həbs ediblər.
Prokuror çıxışında M.Qocayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası matın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Murad Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən bir neçə ay sonra M.Qocayev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.