Qışın şaxtasında Qaradağda  insanlar çadırlarda yaşayır
10 yanvar 2013 07:50 (UTC +04:00)

Qışın şaxtasında Qaradağda  insanlar çadırlarda yaşayır

“İranın Şərqi Azərbaycan vilayətinin zəlzələ baş verən bölgəsində insanlar hələ də çadırlarda yaşayırlar”.


Bu barədə APA-ya əslən Muğandan olan, hazırda isə Türkiyədə yaşayan siyasi mühacir Babək Əsənli məlumat verib. O, bildirib ki, İranın Azərbaycandakı səfirliyinin zəlzələ ilə bağlı yaydığı açıqlamalar  Güney azərbaycanlılar tərəfindən ciddi  etirazla qarşılanıb: “Biz səfirliyin açıqlamasını mətbuatdan oxuduq. Şərqi Azərbaycan valisinin adından yazılmış məlumatda bildirilib ki, guya zəlzələ bölgəsində çadırda yaşayan qalmayıb, hamı mənzillə təmin edilib. Bu açıqlamanı oxumaq bizə çox ağır gəldi və həqiqətin üzə çıxması üçün qısa müddətdə çalışmalara başladıq”.

 

Babək Əsənlinin sözlərinə görə, əslində Qaradağdakı vəziyyəti isbat etmək çətin məsələ deyil: “Biz Təbrizdəki fəallarla əlaqə saxlayıb, onların zəlzələ baş vermiş Qaradağa təkrar getmələrini istədik. Elə bu gün onlar Vərziganın Sərənd bölgəsinin Bacabac , Şallı və Aşağı Çaxmaqbulaq kəndlərində oldular. Çadırların fotolarını çəkiblər. Çadırlarda qalan insanlarla  söhbət ediblər. Biz xüsusən də  diqqət yetirdik ki, fotoların üzərində tarixi avtomatik yazan fotoaparatdan istifadə edilsin. Sonra deməsinlər ki, köhnə fotolardır. Gerçəyin aşkara çıxması üçün bu gün çəkilmiş fotoları təqdim edirik”.

 

B.Əsənli əlavə edib ki, çadırlarda qalan insanlar daha çox soyuqdan və ərzaq çatışmazlığından əziyyət çəkirlər: “Fotoları bu gün çəkilən 3 kəndin sakinlərinin çoxu çadırlarda yaşayır. Bəziləri isə uçmuş evlərinin bir otağını öz gücü ilə bərpa edib, orada qalır. Elə evlər var ki, heç qapısı da yoxdur. Sadəcə damını, divarını bir təhər düzəldib, qışı keçinmək, şaxtadan qorunmaq üçün orada yaşayırlar. Dövlət bu kəndlərdə evi dağılmış hər kəs üçün deyil, yalnız bir neçə ailəyə ev tikmək üçün tikinti işlərinə başlayıb. Lakin havaların soyumasıyla tikinti işləri də yarımçıq qalıb, heç bir ev başa çatmayıb. Bunu fotolardan da görə bilərsiniz”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2479
avatar

Oxşar yazılar