Bu gün səhər saatlarında Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində qaz sızma səbəbindən baş verən partlayış zamanı yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
APA-nın məlumatına görə hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nazim Səmədzadə jurnalistlərə açıqlamasında deyib ki, bu gün səhər saat 7:20 radələrində diametri 1020 millimetr olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən 128-ci kilometrlik hissəsində qaz sızması səbəbindən güclü partlayış baş verdikdən sonra boru kəməri ilə təbii qazın ötürülməsi prosesi dərhal dayandırılıb: “Yanğının sönməsi üçün kəmərin hər iki tərəfindən kranlar bağlanılıb və borudakı təbii qaz iki saat ərzində yanaraq sönüb. Günorta saatlarından başlayaraq əraziyə 5 ağır texnika və xeyli işçi qüvvəsi cəlb edilib. Hazırda ərazidə 3 briqada işəyir. Kəmərdə təmir-bərpa işlərinin 3-4 gün ərzində yekunlaşdırılması nəzərdə tutulub. Partlayış zamanı kəmərin 6 metrlik hissəsi tamamilə parçalanaraq kənara düşüb və 30 metrə yaxın hissəsi isə zədələnib. Ümumilikdə kəmərin 35 metrlik hissəsi yenilənəcək”.
Nazim Səmədzadə kəmərin 40 ildən çoxdur ki, istismarda olduğunu və müəyyən yerlərdə korroziyaya uğradığını bildirib: “Kəmərdə tez-tez sızmalar baş verir və bunun qarşısı dərhal aradan qaldırılır. Qəza səbəbindən Qəbələ, Ağdaş və Göyçay rayonlarının bəzi yerlərində təbii qaz sarıdan məhdudiyyətlər yaranıb. Günorta saatlarında Ağdaş və Qəbələyə təbii qaz verilişi bərpa edilib”. Nazim Səmədzadə təmir işləri aparılan müddətdə respublikanın digər yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olmayacağını qeyd edib.