Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin və T. Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil bildirib ki, ötən proses zamanı Təvəkkül Qurbanovun Pərviz Həşimlinin ailə üzvlərini təhqir etməsinə görə bu gün keçilən iclas zamanı Pərviz Həşimlinin atası, qardaşı ilə Təvəkkül Qurbanov arasında insident yaşanıb. Buna görə prosesdə fasilə elan olunub.
***
16.45
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hazırda proses davam etdirilir.
Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.