Gəncə Ağır Cinayətlər Məhkəməsində mağazaya silahlı basqın etməkdə təqsirli bilinən Samux rayon sakini, 1998-ci il təvəllüdlü Yadigar Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə Yadigar Eyvazov 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il martın 9-da Gəncə şəhərindəki Atatürk prospektində yerləşən mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Ulduz Rəhimovanı tapançaya oxşar əşya ilə hədələyib xəzinədəki 350 manat pulu aparıb. Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Samux rayon sakini Yadigar Eyvazov saxlanılıb və ondan oyuncaq tapança götürülüb.