Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, avqustun 9-da Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzinin paltar dəyişmə otağında Həsən Babayevin əl çantasından 340 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rüfət Kazımzadə Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avqustun 14-də Lökbatan qəsəbəsində yerləşən bazarda Rafiq Tağıyevin cibindən 350 manat, İsmayıl Salahovun cibindən isə 170 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rəşad Həsənov Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları isə oğurluqda şübhəli bilinən Elnur və Elmir Yaqubov qardaşlarını saxlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində qardaşların aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zinət əşyaları, mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurladığı məlum olub.
Hər üç faktla bağlı araşdırma aparılır.