Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı üzvlərinə və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib.
Lent.az-ın məlumatına görə, hazırlıq iclası yenidən təxirə salınıb. Hakim bildirib ki, bu proseslə eyni vaxtda başqa məhkəmə prosesi də olduğu üçün hazırlıq iclası noyabrın 21-nə saat 15:00-a təxirə salınır.
Xatırladaq ki, hazırda NİDA VH-nin 7 üzvü həbsdədir.
Gənclərə qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Anar GƏRAYLI