GÜNÜN ŞƏRHİ
Yaxın Şərqdə gedən proseslərə daha bir oyunçu qoşulub. Bu oyunçu İraq ordusudur. Bu, ABŞ İraqa qoşun yeridərkən buxarlanaraq yoxa çıxan Səddam ordusu deyil. İŞİD-lə birlikdə dirilən, hərbi mundiri terrorçu formasına dəyişən ordu da deyil. Bu, amerikalılar tərəfindən təlim keçilən azsaylı elitar hərbi birləşmələrdir. Hazırda İŞİD-ə qarşı sistemli və aktiv hərbi əməliyyatlar keçirən yeganə qüvvə də budur. Hələlik İraq ordusunun İŞİD-ə qarşı ilk əməliyyatları uğurla nəticələnib, artıq Tikrit şəhərinin tam yarısı ordunun nəzarətindədir. Proseslərə yeni qoşulan İraq ordusu İŞİD problemini həll edə biləcəkmi? Çətin. Çünki amerikalıların dəstəyi ilə formalaşdırılan bu ordu idarəolunan qüvvədir, onların güc və təsirinin sərhədini Qərb müəyyənləşdirir. Bu ordu ABŞ-a İŞİD-ə qarşı balans yaratmaq üçün lazımdır. Əsəd rejiminə qarşı silahlandırılan İŞİD və digər birləşmələr idarəolunan xaosun bir elementi kimi nəzərdə tutulmuşdu. Lakin İraq və Suriyada yaradılan xaosu idarə etmək mümkün olmadı, özəlliklə İŞİD-in nəzarətdən çıxması Qərbin planlarını pozdu. İndiki məqamda İŞİD-i məhv etmək ABŞ-ın planlarına daxil deyil. Qərbə idarəolunan İŞİD lazımdır, bunun üçün İŞİD qarşısında güc hiss etməlidir. Kürd birləşmələr bu missiyanı yerinə yetirə bilmir, bu səbəbdən yeni hərbi gücə ehtiyac duyulur. Bu İraq ordusu məhz bu səbəbdən formalaşdırılıb, amma üzərinə qoyulan missiyanı yerinə yetirə biləcəkmi? Bunu Tikrit, Mosul və Kərkükdə əməliyyatların nəticəsi göstərəcək.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Mart
77