Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri aclıq aksiyasına başlayan məhbusla görüşüblər
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nemət Əhəd oğlu Pənahlı ilə həyat yoldaşının müraciəti üzrə növbəti dəfə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilib ki, 19 yanvar 2013-cü il tarixdə Nemət Pənahlının bir ay müddətinə cərimə təcridxanasında (CT) kameratipli otağa keçirilməsi barədə qərar qəbul edilib. Həmin məhkumun dəfələrlə müəssisənin daxili intizam qaydalarını pozduğu məlum olub.
Söhbət zamanı N. Pənahlı müəssisədə ona qarşı fiziki təzyiqin olmadığını, eyni zamanda müəssisə rəisinin ona qarşı qərəzli olduğunu, aclıq aksiyasına başladığını, lakin bununla bağlı yazılı müraciət etmədiyini bildirib. O, ailəsi ilə qısamüddətli görüş verilməsi üçün şərait yaradılmasını qrup üzvlərindən xahiş edib.
MPQ-nin üzvləri müəssisə rəhbərliyinə və həkimə N.Pənahlının vəziyyətinin diqqətdə saxlanılmasını tövsiyə ediblər. Eyni zamanda onun ailə üzvləri ilə qısamüddətli görüşünün yaxın günlərdə təmin edilməsi ilə bağlı razılıq əldə edilib.