Bakıda həyətyanı sahədən narkotik vasitələr aşkar edildi
Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür. D.Ardatyev ilkin təhqiqat zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının yaxınlığında spesifik iyi olan bitki yarpaqlarını yığaraq özündə saxlayıb.
İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı, ev sahibi E.Rüstəmov da saxlanılmışdır. Onun həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülmüşdür.
E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf etmişdir. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi “Saipa” markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılmış 2 qram marixuana aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılmış, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
573