Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Şamo Əhmədov və Beyrək Nurəhmədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, aparılan məhkəmə araşdırması zamanı ibtidai istintaq müddətində prosessual pozuntulara yol verildiyi müəyyən edilib. Bunun üçün də məhkəmə cinayət işinin yenidən ibtidai istintaqı aparan Sabunçu Rayon Polis İdarəsinə qaytarılması barədə qərar qəbul edib. Məhkəmə cinayət işini araşdıran Sabunçu Rayon Polis İdarəsinin 2 müstəntiqi barəsində də xüsusi qərar çıxarıb. Qərarda həmin müstəntiqlər barəsində 30 gün müddətindən gec olmayaraq tədbir görülməsi və məhkəməyə məlumat verilməsi tələb olunub.
Qeyd edək ki, Ş. Əhmədov və B. Nurəhmədov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunurlar.