Eldar Sabiroğlu: “Azərbaycan tərəfdən itki və yaralı olmayıb”
Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində baş verən insident barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında bildirib ki, insident zamanı Azərbaycanın tərəfdən itki və yaralı olmayıb, Ermənistan mətbuatının bu barədə yaydığı məlumatlar yalandır.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin Kəlbəcər rayonu istiqamətində ermənilərin mövqelərinə hücum etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur.
Qeyd olunub ki, atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib.
Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.