Müdafiə Nazirliyi cəbhə xəttində baş verən hadisələrlə bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib. Lent.az-ın nazirliyin saytına istinadən məlumatında bildirilir ki, bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.
"Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.
Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir" - MN bəyan edib.